Kitablar Haqqında

Kitab insan beyni və yaradıcılığının çata biləcəyi ən uca zirvədir. Heç olmayan insanları, onların heç vaxt yaşamadıqlarını digər insanlara danışan yazarlar ən gözəl söz və diləklərə layiqdirlər. Onlar bizə öz həyatımızdan bezdiyimiz zaman sığına biləcəyimiz bir həyat verirlər. Çünki bəzən qatillərlə dolu küçələr, dalanlar və ən dəhşətli hadisələrin yaşandığı otaqlar belə bizi gerçək həyatın pis üzündən ayırır. Bəlkə də gerçək olmaması kitabların elə ən gözəl tərəfidir.

Kitab oxuyan insanlar daha təcrübəli olur, bir məsələyə daha çox aspektdən baxa bilirlər. Bəlkə də oxuduğu hansısa kitab ona bir məsələni açmaqda kömək edir. Məsələn, cinayət xəbərləri ilə qarşılaşan kitabsevər hadisələrə Herkül Puaronun gözüylə baxmağa başlayır. Çox çək-çevirdən sonra isə “Kaş Puaro yaşayardı” deyir və məsələnin üstünü bağlayır. Diqqət edin, Puaro obrazının yaradıcısının yox, məhz o məşhur dedektivin həyatda olmasını arzulayır. Çünki bir yazar obrazı ilə danışır və kitabsevər də yazardan daha çox obraza aşiq olur.

Kitab oxuyan insanlar daha həssas olurlar. Çünki onlar oxuduqları kitablarda qarşı tərəfin də nə hiss etdiklərini bilirlər. Onların düşüncələrini oxuyurlar. Onların hiss etdiklərini duyurlar. Bir hadisənin başqa üzlərini araşdırırlar. Ya da bir insanın dediyi bir sözü deyil, sözü niyə dediyini düşünürlər. Buna görə də, kitab oxuyan insanlar empatiya daha güclü olur. Onlar sadəcə birtərəfli deyil, hər insanın yerinə düşünürlər.

Kitab oxumaq ayrıcalıqdır. Kitab yazmaq isə, üstünlükdür. Kitabı oxumaq gözəldir, amma yazarların beyninin içində dolaşmaq möhtəşəm olardı. Təsəvvür edin, bir məkanda bir neçə həyat. Yaddaşınızın xatırlamadığı obrazlar, hadisələr, gözlərinizin görmədiyi dəhşətlər və qulaqlarınızın heç vaxt eşitmədiyi səslər ətrafınızda dolanır. Kitabın içində girib yaşamaq deyil, məhz belə bir yazarın beynində dolaşmaq insana verilə biləcək ən gözəl hədiyyə olardı.

Biz, kitabshop.az saytı olaraq, sizə yazar beynində dolaşmağı hədiyyə edə bilməsək də, yazarın beyninin məhsullarını təqdim edə bilərik. Özü də Bakıdakı ən sərfəli qiymətlərlə. Əgər sevdiyiniz kitabı bir kliklə sifariş edib, ünvanınızda qarşılamağı istəyirsinizsə, kitabshop.az sizin yolunuzu gözləyir.